D..E..Y..İ..Ş..M..Ə
Yaradan veribdir yüz dəyər sənə———————İslam Əzimov.
Bunnan artığını qız deyə bilməz———————-Nəzakət Neman.
.
.İslam Əzimov
Biyhuş eləmisən kəlməni, sözü
Qorxuram vəsfimdən söz dəyər sənə,
Tanrının nəzərdən xəbəri yoxdur,
Duz dola başına, göz dəyər sənə.
.
-Nəzakət Neman
Ruhuna, könlünə hopmuşam sənin,
Mənə sözlərindən söz dəyə bilməz..
Sənin baxışından don geyinmişəm,
Özgə baxışlardan göz dəyə bilməz.
. *****
İslam Əzimov
Suyun könüllərə axdı, bilirəm,
Aşiqin , heyranın çoxdu, bilirəm,
Tərif umacağın yoxdu , bilirəm,
Yaradan veribdi yüz dəyər sənə.
.
-Nəzakət Neman
Adın dodağımın, dilimin üstə,
Xəyalın mürgülər qolumun üstə,
Min aşiq çıxsa da yolumun üstə,
Səntək qiymətimi düz deyə bilməz.
. ****
İslam Əzimov
Hüsnünə qurbanam, nəzirəm özüm,
Bu hüsnün rəssamın gəzirəm özüm,
Sevgi dastanını yazıram özüm,
Kim verər İslamtək , qız, dəyər sənə
.
-Nəzakət Neman
Min dastan yazsan da, sözümdən mənim,
Sorma Nəzakəti özümdən mənim,
Oxu ürəyimi gözümdən mənim,
Bunnan artığını qız deyə bilməz.

İçeriği aşağıdaki sekmelerle değiştirebilirsiniz.