İstərəm ki övladım bənzəməsin insana..
—yaxud İnsanlıq ölüb , gedir
-
Müharibə!…bu adın
Arxasında min məna,
Zülmət rəngi verəcək,
Girsə də milyon dona.
Müharibə -göz yaşı
Ah,nalə,tökülən qan !
Bəs niyə nahaqq qanlar
Tökür–şüurlu insan.
İdrakı,zəkasıyla
Bu dünyaya nur saçan,
Əqli düşüncəsiylə
Yerdən göyə yol açan,
Kainatın sirrini
Təhlil edən,öyrədən,
İnsan adlı məxluqdur.
Axı,müharibə edən!
**
Pişiyə danışmağı,
Quşa təqlid etməyi,
Ayıya yer belləmək,
İtə aya getməyi,
Aslan ilə küçüyə
Bir qəfəsdə yatmağı,
Filə dostu “Racu”nun
Harayına çatmağı,
Canavarla qoyuna
Qonşu olub,yaşamaq,
Öyrədəninsan özü-
Müharibə edir, ancaq.
**
Bir quşun yuvasını
Uçurub,dağılıdana
Zalım deyirik,Allah.
Qırğın silahlarını
Kəşf edib,yaradana
Alim deyirik,Allah,
Milyonların məhvinə,
Qanına bais olan,
Qanlı-insan adlanır,
Dünyanın məhvərindən
Çıxarmağa yol gəzən,
Canlı -insan adlanır.
**
Adını yer üzünün
Əşrəfi qoyulan insan,
Canlılar arasında,
Şüuruyla fəxr edib,
Özünü öyən insan,-
Əməliylə dünyanın
Ən nadan canlısıdır.
Anası kainatın
Düşməni…,qanlısıdır.
**
Bir yol ana deməmiş
dilləri də kəsdı, o
Haqqa doğru açılan
əlləri də kəsir ,o
Süd əmdiyi döşləri,
süngülərə taxdı o,
Tanrıya dil uzatdı ,
Haqqa şərik çıxdı o….
İnsanlıq yaddaşlardan,
Silinib , dildən gedir,
İnsanlıq can üstədir ,
İnsanlıq əldən gedir.
**
Məni atın tonqala,
Yandırın diri-diri
Mən yoxam bu cərgədə,
Yaxamı çəkdim geri,
Nə qədər ki,insanlar
Beyninin məhsulunu
Xoş amala yönəltmir.
Nə qədər ki,insanlar
Müvəqqəti həyatda
Dil tapıb,yola getmir,
Nə qədər ki,insanlar
Hərisdi nahaq qana,
İstərəm ki,övladım
Bənzəməsin insana!

İçeriği aşağıdaki sekmelerle değiştirebilirsiniz.